Tikinti və aqrar sənaye müəssisələrinin özəlləşdirilməsi ilə bağlı tender elan edilib

Tikinti və aqrar sənaye müəssisələrinin özəlləşdirilməsi ilə bağlı tender elan edilib
# 31 avqust 2016 07:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tikinti və aqrar sənaye müəssisələrinin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün açıq tender elan edib.

Komitədən “APA-Economics“ə verilən məlumata görə, açıq tender üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi özəlləşdirməyə açılan və “Sumqayıt Tikinti Xidmət”, “Gəncə Mənzil Tikinti”, “Azərenerjitikintiquraşdırma”, “Azərnəqliyyatyoltikinti”, “Ceyranbatan Dəmir Beton”, “Muğansutikinti”, “Cəlilabad-Şərab”, “Cəlilabad-Şərab-9” və “Oğuz Şərab” ASC-lərin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçinin cəlb edilməsindən ibarətdir.

Cəlb olunacaq məsləhətçi müəssisələrin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinin səmərəli formada təşkil edilməsi üçün təkliflərin hazırlamalı, müəssisələrin mövcud maliyyə-iqtisadi vəziyyətinin təhlilini aparmalı, onları ayrı-ayrılıqda qiymətləndirməli və biznesin mümkün inkişaf perspektivləri əsasında investisiya ehtiyaclarını öyrənməli, potensial investorlara təqdim olunmaq üçün müəssisələr haqqında ayrı-ayrılıqda məlumat memorandumu hazırlamalı, müəssisələrin özəlləşdirilməsinə yerli və xarici investorların dəvət edilməsi üçün potensial investorları müəyyən etməli, müəssisələrin satışı üzrə keçiriləcək investisiya müsabiqələrində iddiaçılara təqdim ediləcək şərtlər toplusunun layihəsini hazırlamalı, investisiya müsabiqəsində iştirakçıların təkliflərini qiymətləndirməli və qalibin seçilməsində müsabiqə komissiyasının işinə köməklik göstərməli, investisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsini hazırlamalı və onun müzakirəsi zamanı satıcının mövqeyini (dövlətin maraqlarının) dəstəkləməli, sifarişçinin tələbi ilə digər zəruri tədbirləri qarşılıqlı razılaşma əsasında həyata keçirməlidir.

Açıq tenderdə bu xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar tərəfindən iştirak haqqı olaraq 500 manat vəsait komitənin müvafiq bank hesabına ödənilməlidir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Qeyd edək ki, təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma müqaviləsi komitənin tələbatını daha səmərəli şəkildə təmin edən və şərtlər toplusunda göstərilmiş meyarlar üzrə ən yüksək bal toplamış iddiaçı ilə bağlanacaq.

Təkliflər Əsas Şərtlər Toplusunda göstərilmiş formaya uyğun hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 03 oktyabr 2016-cı il, saat 17:00-dək AZ1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq 806) ünvanına təqdim olunmalıdır. Zərflərin açılması ilə bağlı Tender Komissiyasının iclası 06 oktyabr 2016 cı il, saat 15:00-da Bakı şəhəri, Yusif Səfərov küçəsi 50 ünvanında, ƏMDK-nın inzibati binasında (otaq 310) keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR