“Azərbaycan ailəsi-2015” film festivalının qalibləri mükafatlandırılıblar - FOTO

“Azərbaycan ailəsi-2015” film festivalının qalibləri mükafatlandırılıblar - <span style="color: red;">FOTO
# 07 noyabr 2015 05:40 (UTC +04:00)

Bakı-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2015” VII film festivalı başa çatıb.

Heydər Əliyev Fondundan APA-ya verilən xəbərə görə, bu münasibətlə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində festivalın təntənəli bağlanış mərasimi keçirilib.

“Azərbaycan ailəsi” film festivalına 2014-cü il dekabrın 24-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin akt zalında professor, incəsənət xadimlərinin və tələbələrin iştirakı ilə start verilib. Artıq ikinci ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Bu il “Azərbaycan ailəsi” film festivalı müsabiqəsində 24 iştirakçı tərəfindən təqdim olunmuş 30 film və 94 fotoşəkil iştirak edir, bunlardan 9-u xarici filmdir.

Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər 6 nominasiya üzrə (“Ən yaxşı film”, “Ən yaxşı tələbə işi”, “Ən yaxşı xarici film”, “Ən yaxşı TV layihəsi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı fotoşəkil”) müəyyən edilib. Əsas mükafatlara uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən 12 film və 5 fotoşəkil xüsusi fərqlənən iş kimi qiymətləndirilib.

Festivalın əsas məqsədi kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliğidir. Əsas hədəflərdən biri də cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun daha da güclənməsinə nail olmaqdır. Bu filmlərdə müsbət keyfiyyətlərlə yanaşı, vacib problemlər - erkən nikah, uşaqların, xüsusilə, qızların təhsildən yayınması, insan alveri, ailənin psixoloji vəziyyəti, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə reinteqrasiyası də öz əksini tapıb.

AQUPDK-nın sədri, professor Hicran Hüseynova, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunu və mənəvi dəyərləri möhkəmlətmək, eyni zamanda, milli ailə ənənələrini təbliğ edib yaşatmaq baxımından, eləcə də milli kino sənətimizin təbliği və inkişafı üçün bu festivalın əhəmiyyətini qeyd ediblər.

Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2015” VII film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR