Mərkəzi Bank xarici valyuta ilə əməliyyatlarının həcminin azalmasının səbəblərini açıqlayıb

Mərkəzi Bank xarici valyuta ilə əməliyyatlarının həcminin azalmasının səbəblərini açıqlayıb
# 14 may 2016 13:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin I rübü ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni rejim çərçivəsində formalaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-mart ayları üzrə “Pul siyasəti” icmalında məlumat verilib.

Bu ilin I rübü ərzində valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib.

Cari ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 mln. avro təşkil edib. Nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nəzərən 6,2 dəfə azalıb.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub.

Bundan başqa, dövr ərzində ötən müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb.

Valyuta təklifinin aşağı düşməsi əsasən Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olub. Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s) xarici valyuta təklifinin azalması cari ilin I rübündə davam edib.

Cari ildə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsinin tətbiqinə nail olub. Rüb ərzində Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib. ARDNF-nun valyuta bazarında satışları da Mərkəzi Bank vasitəsi ilə hərraclar

çərçivəsində həyata keçirilib. Valyuta hərracları həftədə bir neçə dəfə aparılıb, hər bir hərracın parametrləri haqda məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Valyuta hərracı üzrə parametrlər (təklifin həcmi, kənarlaşma diapozounu və s) dövr ərzində valyuta bazarındakı vəziyyətdən asılı olaraq çevik dəyişdirilib. Hərrac bitdikdən sonra onun nəticələri haqda məlumatlar mütəmadi qaydada ictimaiyyətə açıqlanıb.

I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələdiyi halda 21 hərracda tam qarşılanıb. Hərraclarda orta günlük tələb 132 mln. dollar, təklif isə 148 mln. dollar təşkil edib.

Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nun xarici valyuta satışları ümumilikdə 1 253 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR