Gəncədə çoxmərtəbəli binalarda reyd keçirilib

Gəncədə çoxmərtəbəli binalarda reyd keçirilib
# 27 yanvar 2016 11:10 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün reydlərə başlanılıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, şəhər İcra hakimiyyəti aparatının təşəbbüsü ilə təşkil olunan reydlərdə Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Qaz İstismar xidməti, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi və FHN-nin Gəncə Regional Bölməsinin əməkdaşları iştirak ediblər.

Şəhərin çoxmərtəbəli binalarında keçirilən reyd zamanı 50-dən artıq mənzildə standartlara cavab verməyən qaz sobalarının hava şaxtalarına qoşulması hallarına rast gəlinib. Aidiyyəti qurumların əməkdaşları belə sobaları istifadədən ayırıblar.

Vətəndaşlarla söhbətlər aparılıb, belə halların həm insan həyatı, həm də ətraf mühit üçün zərərli olması barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, tüstü bacaları rübdə bir dəfə, istilik cihazları isə ildə bir dəfə qış mövsümündən öncə təmizlənməlidir. Abonentlərə qaz sızması əleyhinə detektorlar quraşdırılmasının vacibliyi bildirilib. Qeyd olunub ki, detektor problem olanda, qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda, siqnal vasitəsi ilə reaksiya verir.


Bu kimi reydlərin bundan sonra da davam edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR