İlkay Gündoğan: “Qəbələ” bura qədər gəlibsə, deməli, güclü komandadı”

İlkay Gündoğan: “Qəbələ” bura qədər gəlibsə, deməli, güclü komandadı”
# 21 oktyabr 2015 07:04 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”ni məğlub etməyə borcluyuq. Bununla, liderliyimizi qoruya bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Borussiya”nın yarımmüdafiəçisi İlkay Gündoğan deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ”nin qonağı olacaq Dortmund təmsilçisi Azərbaycana iddialı gəlir.

Bundesliqa klubunun Türkiyə əsilli futbolçusu təmsilçimizlə qarşılaşmanın onlar üçün vacib olduğunu bildirib: “Hazırda turnir cədvəlinə başçılıq edirik və bunu davam etdirməliyik. Rəqiblərimizə bizə çatmaq imkanı verməmək üçün Bakıda mütləq qələbə qazanmalıyıq. Meydana kim çıxırsa-çıxsın, ikinci bir fikirdə olmamalıdı. Ancaq “Qəbələ”ni də qiymətləndiririk. Bura qədər gəlibsə, deməli, güclü komandadı. Bizim hədəfimiz isə finala qədər getməkdi. Bu da olduqca realdı. Böyük potensiala malikik. Bu komanda Çempionlar Liqasında çıxış edəcək gücdədi”.

2011-ci ildən “Borussiya”nın formasını geyinən 25 yaşlı yarımmüdafiəçi Avropa nəhənglərinin maraq dairəsindədi. Almaniya yığmasının üzvü komandada qalmaq istədiyini bildirib: “Borussiya”da hər şey məni qane edir. Özümü ən azı mövsümün sonuna qədər bu komandada görürəm”.

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR