Misirli qubernator: “Qəzaya uğrayan Rusiya təyyarəsində təhlükəsizlik sıfır səviyyəsində olub”

Misirli qubernator: “Qəzaya uğrayan Rusiya təyyarəsində təhlükəsizlik sıfır səviyyəsində olub”
# 17 iyun 2016 14:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Şarm əl-Şeyx – Sankt Peterburq reysi ilə hərəkət edərkən Sinay yarımadasında qəzaya uğrayan Rusiyaya məxsus təyyarədə (Airbus A320-red.) təhlükəsizlik məsələləri sıfır vəziyyətində olub. Bu artıq sübut edilib. Şarm əl-Şeyx aeroportu, o cümlədən Şarm əl-Şeyx şəhəri ən təhlükəsiz şəhərdir”.

APA-nın Misirə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Misirin Cənubi Sinay vilayətinin qubernatoru, general Xalid Fouda deyib.

O bildirib ki, Şarm əl-Şeyx aeroportunda və şəhərdə təhlükəsizlik yüksək səviyyədədir. Qubernator əlavə edib ki, Şarm əl-Şeyx şəhərinin böyük sayda turist qəbul etmək imkanı var.

Qarşılıqlı səfərlər nəticəsində Şarm əl-Şeyxlə Bakı arasında birbaşa aviareysin açılmasının önəmini qeyd edən X. Fouda bildirib ki, Azərbaycanla Misir arasında turizm əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur: “Düşünürəm ki, nəinki turizm, eləcə də digər sahələrdə Azərbaycanla Misir arasında əməkdaşlıq üçün böyük imkanlar var. Eyni zamanda, qeyd etməliyəm ki, Misir və Azərbaycan arasında çox yaxın diplomatik münasibətlər mövcuddur”.

Qubernator Şarm əl-Şeyxin mövcud turizm potensialı haqda ətraflı məlumat verib. X. Fouda qeyd edib ki, Şarm əl-Şeyxdə idman turizmi baxımından böyük perspektiv var: “Qubernatorluğun ərazisində 5 müxtəlif təbiət parkı mövcuddur. Biz artıq qarşımıza yaşıl, ekoloji bir şəhər yaratmağı məqsəd qoymuşuq”.

Qeyd edək ki, 10-17 iyun tarixlərində Azərbaycanın müxtəlif media orqanlarının əməkdaşlarının Şarm əl-Şeyx, Qahirə və İsgəndəriyyə şəhərlərinə info turu təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR