İran-Azərbaycan sərhədində külli miqdarda narkotik aşkarlanıb

İran-Azərbaycan sərhədində külli miqdarda narkotik aşkarlanıb
# 23 fevral 2019 13:27 (UTC +04:00)

Cəlilabad rayonunda sərhəd pozucusunda 6 kiloqramdan çox narkotik vasitə və gecəgörmə cihazı aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən ONA-ya verilən məlumata görə, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respublikasından Azərbaycana doğru 1 nəfərə məxsus izlər aşkarlanıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad rayon şöbələrinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Mahmudov Tehranxan Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Aparılan təhqiqat-araşdırma tədbirləri nəticəsində dövlət sərhədini pozan şəxsin Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1976-cı il təvəllüdlü Yaqubov Qasım İskəndər oğlu olması müəyyənləşib. Araşdırma zamanı Q. Yaqubovun 18.02.2019-cu il ta­rixdə “Biləsuvar” Sərhəd Nəzarət Məntəqəsindən rəsmi qaydada Azərbaycandan İrana getməsi, 20.02.2019-cu il tarixdə, saat 20:38 radələrində isə dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi və özü ilə külli miqdarda narkotik vasitə gətirməsi məlum olub.

Q. Yaqubovun axtarışı təşkil edilib və nəticədə o, 21 fevral 2019-cu il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində saxlanılıb.

Saxlanılan şəxsin iştirakı ilə Cəlilabad rayonunun Kövüzbulaq kəndi ərazisində yerləşən yaşayış olmayan həyətyanı sahədə gizlədilmiş ümumi çəkisi 6 kq 365 qr olan (4 kq 440 qr heroin, 1 kq 925 qr həşiş) narkotik vasitə və 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Hümbətov Nəsib Həmdulla oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR