“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin məhsulları təqdim olunub

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin məhsulları təqdim olunub
# 30 noyabr 2016 09:46 (UTC +04:00)

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər-virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağın geyimləri” elektron albomunun,“Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev bildirib ki, mərkəz Qarabağın təbliğ olunması, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bir neçə layihə həyata keçirib: “Hər il olduğu kimi bu il də yeni məhsullarımızı təqdim edirik və ümid edirəm, bu, Qarabağla bağlı Azərbaycan dövlətinin apardığı siyasətə kiçik töhfəmiz olacaq. “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzi işğal altına olan torpaqlarımızın təbliği üçün bütün gücünü sərf edir . Müasir dövrdə internet üzərindən təbliğat ən vacib və səmərəli işlərdən biridir. Qarabağı təbliğ etməzdən əvvəl onu öyrənmək lazımdır. Deyə bilərəm ki, bizim mərkəz Qarabağı öyrənir, öyrədir və təbliğ edir”.

Azərbaycan və ingilis dilində istehsal olunan “Kəlbəcər – virtual səyahət” 3 d qrafik təsvirli film vasitəsilə Azərbaycanın işğal altında olan bölgəsi olan Kəlbəcərin tarixi abidələri, meydanları, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Kəlbəcər rayonuna virtual səyahətə çıxır.

“Virtual Qarabağ kitabxanası”nda Qarabağın tarixi, siyasi coğrafiyası, mədəniyyəti, işğal vəziyyətinə dair müxtəlif dillərdə kitablar elektron formatda toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR