"SOCAR Kapital": İstiqraz sahiblərinin faiz ödənişlərini dollarda almasında problem olmayacaq

"SOCAR Kapital": İstiqraz sahiblərinin faiz ödənişlərini dollarda almasında problem olmayacaq
# 10 yanvar 2017 11:28 (UTC +04:00)

Yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi həyata keçiriləcək və faiz ödənişləri istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Bu barədə "APA-Economics"ə "SOCAR Kapital" MMC-nin investisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov bildirib.


Onun sözlərinə görə, yanvarın 17-də 1 milyon 250 min dollarlıq faiz ödənişi SOCAR istiqrazlarının sahiblərinin bank hesablarına köçürüləcək: "Azərbaycan tarixində heç vaxt istiqrazlar üzrə bu məbləğdə faiz ödənişi olmayıb. İstiqrazlar üzrə faizlərin ödənilməsi üçün SOCAR-ın kifayət qədər vəsaiti var. Faizlərin ödənilməsi üçün vəsait artıq ayrılıb. Bu həftə sonu vəsait ödəniləcək və yanvarın 17-dən istiqraz sahibləri öz vəsaitlərini bank hesablarından çıxara biləcək".

Şirkət rəsmisi əlavə edib ki, istiqraz sahibləri istənilən an hesablarındakı vəsaiti çıxara biləcəklər.

E. Həsənovun sözlərinə görə, istiqraz sahiblərinin faiz ödənişlərini dollarda alması ilə bağlı heç bir problem yaranmayacaq: "Biz kommersiya banklarının nümayəndələri ilə görüşdük. Banklar tərəfindən istiqraz sahiblərinin hesablarındakı vəsaitin çıxarılmasında heç bir problem yaranmayacaq. Yəni, istiqraz sahibləri hesablarındakı vəsaiti xarici valyutada əldə edə biləcəklər".

Bundan başqa, SOCAR istiqrazlarının sahibləri olan fiziki şəxslər hesablarındakı vəsaitin çıxarılmasına görə heç bir vergi ödəməyəcək.

E. Həsənov bildirib ki, hazırda təkrar bazarda hər birinin nominal dəyəri 1000 ABŞ dolları təşkil edən istiqrazların satış qiyməti 1011,5 dollara yüksəlib: "SOCAR istiqrazlarını almaq istəyənlər isə bir istiqrazı 1012,75 dollardan ala bilər".

O qeyd edib ki, Bakı Fond Birjasında (BFB) təkrar bazarda ən aktiv qiymətli kağızlar SOCAR istiqrazları hesab olunur: "Təkrar bazarda SOCAR istiqrazları üzrə əməliyyatlar digər istiqrazlarla müqayisədə 10-15% çox olub. İkinci bazarda SOCAR istiqrazları ilə daha çox vətəndaşlar maraqlanıb. İstiqrazlarımızı daha çox yerli şirkətlər və fiziki şəxslər alıb. Xarici şirkətlərdən də SOCAR istiqrazlarını alanlar var və almaq istəyənlər investisiya şirkətlərinə müraciət ediblər".

E. Həsənov deyib ki, dolları olmayan fiziki şəxslər də SOCAR istiqrazları ala bilər: "SOCAR istiqrazları almaq istəyənlər Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı klirinq hesabına dollarda vəsait köçürməlidir. Bəzi investisiya şirkətləri bu məsələdə alıcılara köməklik edir. Bundan başqa, fiziki şəxslərin banklarda hesabları varsa, bu vəsaiti konvertasiya edə bilər. Fiziki şəxslər hesablarındakı vəsaiti istiqraz almaq üçün istifadə edəndə banklar onlara kömək edir".

E. Həsənov bildirib ki, SOCAR istiqrazları likviddir - yəni, istənilən vaxt rahatlıqla alınıb-satıla bilər. Onun sözlərinə görə, SOCAR hər zaman öz istiqrazlarını nominal dəyəri olan 1000 dollardan almaq zəmanəti verir.

SOCAR istiqrazlarını girov təminatı kimi də qəbul olunur. Başqa sözlə, SOCAR istiqrazlarını banklarda girov qoyaraq kredit götürmək və qısamüddətli repo əməliyyatlarında istifadə etmək mümkündür.

Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq olar. Bunun üçün Maliyyə Palatasının lisenziya verdiyi bütün investisiya şirkətlərinə ("AzFinance Invest", "InvestAZ", "PAŞA Kapital", "PSG Kapital", "Unicapital", "Kapital Menecment") və yaxud 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət etmək lazımdır.


Xatırladaq ki, SOCAR İstiqrazlarının təkrar bazarına oktyabrın 18-dən başlanılıb. Hazırda Dövlət Neft Şirkətinin dövriyyədə olan 100 min istiqrazının hər birinin nominal dəyəri 1000 ABŞ dollarıdır. SOCAR İstiqrazlarının gəlirliliyi illik 5%-dir və faizləri hər 3 aydan bir ödənilir. SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR