"Dəmir Bank" məhkəmədə keçmiş əməkdaşlarına qarşı 100 min manatlıq iddia qaldırıb

"Dəmir Bank" məhkəmədə keçmiş əməkdaşlarına qarşı 100 min manatlıq iddia qaldırıb
# 21 noyabr 2017 11:57 (UTC +04:00)

"Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmədə mülki iddia qaldırılıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda bankın nümayəndəsi 100 min manat məbləğində maddi və mənəvi ziyanla bağlı mülki iddia qaldırdıqlarını bildirib.

Qeyd edək ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli ötən məhkəmə zalında həbs edilib.

F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

Xatırladaq ki, F.Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, T.Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F.Qarayev isə bankın əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR