Mərkəzi Bank likvidliyin verilməsi əməliyyatlarının həcmini artırıb

Mərkəzi Bank likvidliyin verilməsi əməliyyatlarının həcmini artırıb
# 11 yanvar 2017 09:35 (UTC +04:00)

Mərkəzi Bank 2016-cı ilin dekabr ayının 1-i tarixinə likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələrini açıqlayıb.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrünə yenidən maliyyələşdirmənin həcmi 6 mlrd. 624,1 mln. manat təşkil edib. Yenidən maliyyələşdirmə üzrə faiz dərəcələri 15%-lə verilib.

2015-ci ilin 11 ayı ilə müqayisədə ötən ilin müvafiq dövründə Mərkəzi Bank tərəfindən yenidən maliyyələşdirmənin həcmi 1 mlrd. 233,9 mln. manat və ya 22,89% artıb.

Qeyd edək ki, Mərkəzi Bank pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına yenidən maliyyələşdirmə kreditləri verir. Yenidən maliyyələşdirmə kreditləri banklara 30 günədək, 360 günədək və 360 gündən yuxarı müddətə verilə bilər. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir. 30 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir. Yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər qismində aktivlərlə təmin olunmalıdır. 30 günədək yenidən maliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır. Təminat hərracın keçirildiyi gündən 5 iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir. 360 günədək yenidən maliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir. 360 günədək verilən yenidən maliyyələşdirmə kreditləri dövlət zəmanəti, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir), kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər, daşınmaz əmlak və qızıl külçə formasında bank metalı qismində aktivlərlə təmin olunmalıdır. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidən maliyyələşdirmə kreditləri verilə bilər. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR