Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası hazırlanır

Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası hazırlanır
# 18 yanvar 2017 14:56 (UTC +04:00)

AMEA-nın Rəyasət Heyətinin iclasında Milli Terminoloji İnformasiya Sisteminin (MTİS) konsepsiyasının reallaşdırılması və milli terminoloji veb-portalın istismarının təşkili məqsədilə irəli sürülən təkliflər müzakirə olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məsələ ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən MTİS-in konsepsiyası və veb-portalı işlənilib.

R. Əliquliyev “www.azterm.az” (www.terminologiya.az) adı altında yaradılan veb-portalın Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lüğətlərini əks etdirən böyük informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursu olduğunu diqqətə çatdırıb.

Ən yeni texnologiyalar əsasında yaradılan veb-portalın vətəndaşlara e-terminoloji xidmətlər göstərməklə yanaşı, termin yaradıcılığı prosesinə geniş ictimaiyyətin cəlb edilməsi məqsədi daşıdığını vurğulayıb.

İclasda qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti “Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalı haqqında” qərar qəbul edib. Qərarda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə milli terminoloji standartların işlənilməsi, beynəlxalq əməkdaşlığın, terminoloji informatika sahəsində elmi-nəzəri problemlərin araşdırılması, “www.azterm.az” portalının informasiya təminatının həyata keçirilməsi, istismarının təşkili və s. istiqamətlərdə mühüm məsələlər öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR