Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək
# 15 sentyabr 2017 15:57 (UTC +04:00)

“Maarifçi” Tələbə Kredit Fondu dördüncü elan sessiyasını yeniliklərlə başlayıb. Fonddan APA-ya verilən xəbərə görə, artıq aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim olunur.

Kredit almaq üçün müraciət tarixi 11 sentyabr – 13 oktyabr olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri əsasında yaradılan və fasiləsiz təhsili təşviq edən “Maarifçi” Tələbə Kredit Fondu bir sosial layihə kimi tələbələrin ölkəmiz üçün faydalı mütəxəssisə çevrilməsini hədəfə almaqla, onları təhsil prosesindən yayındıra biləcək qayğıları azaltmağı qarşısına məqsəd qoyub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır. Kreditin verilməsi prosesinin elektron müraciət əsasında yerinə yetirilməsi və tələbələrin kredit tarixçələrini, baş verən yenilikləri şəxsi kabinetləri vasitəsilə izləmək imkanı rəsmiləşdirmənin şəffaflığını və vaxt itkisinin qarşısını almaqla, tələbələrin fondla bağlı dərsdən yayınma hallarını azaldır.

“Təhsilə diqqət, gələcəyimizə zəmanətdir” şüarını əsas götürən “Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan bəri 3 elan sessiyası keçirib. Bu müddət ərzində Fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə, 135 təhsil krediti müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR