Türkmənistan Transxəzər layihəsinin yenidən gündəmə gətirib

Türkmənistan Transxəzər layihəsinin yenidən gündəmə gətirib
# 27 noyabr 2017 08:04 (UTC +04:00)

Türkmənistan öz enerji resurslarını beynəlxalq bazarlara Xəzər regionu vasitəsilə tədarükü üçün özünün "Şərq-Qərb" qaz kəmərindən istifadə etməyə hazırdır.

"APA-Economics" Türkmənistanın dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, 2015-ci ilin dekabr ayından istifadəyə verilən "Şərq-Qərb" qaz kəməri enerji sahəsində çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlər açıb.

Məlumatda deyilir ki, ehtiyac yarandıqda bu kəmər Türkmənistan enerji resurslarının Xəzər regionu vasitəsilə beynəlxalq bazarlara tədarük edilməsində istifadə edilə bilər. Hazırkı mərhələdə ölkənin 733 km məsafədə olan bütün qaz kəmərlərini vahid sistemdə birləşdirən "Şərq-Qərb" kəməri boyunca müxtəlif infrastruktur obyektlərinin tikintisi davam etdiriləcək.


Bunun sayəsində "Dövlətabad", "Malay", "Yaşlar", "Qalkınış" kimi iri yataqlarından hasil edilən təbii qazın ölkənin hazırda inşa edilən sənaye zavodları və fabriklərinin inşa edildiyi digər regionlarına revers tədarükünün həyata keçirilməsi imkan yaranıb.


Xatırladaq ki, türkmən qazının Avropaya tədarükü ilə bağlı danışıqlar 2011-ci ildən aparılır. Transxəzər layihəsinin də daxil olduğu Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır. Xəzər dənizinin dibi ilə Azərbaycan sahillərinə qədər uzanan qaz kəmərin uzunluğu 300 km olacaq.

Qeyd edək ki, Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutur və bu növ yanacağı Çin və İran bazarlarına ixrac edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR