SOCAR İranda keçirilən neft-qaz sərgisində təmsil olunur

SOCAR İranda keçirilən neft-qaz sərgisində təmsil olunur
# 10 may 2018 13:44 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində beynəlxalq neft, qaz və neft-kimya sərgisi keçirilir.

Sərgidə Azərbaycanı təmsil edən SOCAR-ın elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev APA-nın Tehran bürosuna açıqlamasında bildirib ki, təmsil etdiyi qurum artıq 7-ci dəfədir ki, bu tədbirdə iştirak edir.

“İranda keçirilən bu sərgi çox böyük sərgidir. Bir çox ölkələrdən bir çox şirkətlər burada iştirak edir. Maraqlı görüşlər keçiririk. SOCAR-ın fəaliyyəti haqqında məlumat veririk, bizə lazım olan şirkətlərlə görüşlər keçiririk və qarşılıqlı olaraq müəyyən təkliflər irəli sürülür. Həm dünyagörüşün artması, həm də gələcəkdə işgüzar əlaqələrin qurulması baxımından sərgidə iştirak etmək maraqlıdır,” - deyəö N. Vəliyev bildirib.

Onun sözlərinə görə, SOCAR hazırda İranın Milli Neft Şirkəti və Milli Qaz şirkəti ilə əməkdaşlıq edir. “Adı çəkilən şirkətlərlə SOCAR arasında iki anlaşma memorandumu imzalanıb. Bu memorandumlar innovativ texnologiyalarla bağlıdır. İşlərin nəticəsi olarsa, bu əməkdaşlıq genişləndirilə bilər”.

Sərginin açılışında Azərbaycanın energetika və sənaye naziri Pərviz Şahbazov da iştirak edib. Nazir və İranın neft nazirinin müavini SOCAR-ın sərgidəki guşəsinə baxış keçirib.

Xəzər dənizində İran və Azərbaycanın birgə fəaliyyəti ilə bağlı sualı cavablandıran N.Vəliyev bildirib ki, hələ ki Xəzərdə sektorlara bölünmə məsələsi açıq qalıb: "Bilirsiniz ki, Azərbaycan – Qazaxıstan, Azərbaycan – Rusiya, Rusiya – Qazaxıstan və Rusiya – Türkmənistan arasında bu razılaşmalar var, amma Azərbaycan – Türkmənistan və Azərbaycan – İran , İran – Türkmənistan arasındakı məsələ də açıq qalıb. Bu çox yaxşı addımdır ki, İran və Azərbaycan bölünməmiş sahənin - yəni qismən İran ərazisindən Azərbaycan ərazinə düşmə ehtimalı olan sahələrlə bağlı birgə işləmək qərarına gəliblər. Bu, çox yaxşı addımdır. Həm əməkdaşlıq, həm də gələcəkdə Xəzərin sektalara bölünməsi sahəsində razılığa gəlmək baxımından çox yaxşı addımdır. Hər iki dövlətə bu işdə uğurlar arzulayıram".

Qeyd edək ki, İranın paytaxtı Tehran şəhərində təşkil edilən beynəlxalq neft, qaz və neft-kimya sərgisinə Azərbaycan da daxil olmaqla dünyanın 38 ölkəsindən 600-dən çox şirkət qatılıb. Sərgi 4 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR