Bu ilin aprelinədək Şirvanda su infrastrukturunun yenidən qurulması başa çatacaq

Bu ilin aprelinədək Şirvanda su infrastrukturunun yenidən qurulması başa çatacaq
# 07 fevral 2018 13:57 (UTC +04:00)

Şirvan şəhərində istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu layihə çərçivəsində magistral və paylayıcı su xətləri çəkilir, çoxmənzilli yaşayış binaların daxili su təchizatı sistemləri yenidən qurulur.

Layihəyə uyğun olaraq 400 mm diametrli borularla 1,4 km, 280 mm diametrli borularla 4 km, 160 mm diametrli borularla 2,6 km, 110 mm diametrli borularla 14 km və 63 mm diametrli borularla 2 km olmaqla, ümumilikdə 24 km su xəttinin tikintisi nəzərdə tutulur.

İndiyədək su xətlərinin 9 kilometrlik hissəsi inşa edilib və hazırda tikinti-quraşdırma işləri davam etdirilir. Layihə çərçivəsində çoxmərtəbəli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur. Mənzilləri içməli su ilə təmin edən dik dayaqlar binaların pilləkən qəfəslərinə çıxarılıb. Bu işlər çərçivəsində 7400 ədəd sayğacın quraşdırılması nəzərdə tutulur. Artıq 7400 mənzilə daxil olan su kəmərlərinin giriş və çıxışları, eləcə də sayğac qutularının quraşdırılması başa çatıb. Layihənin başa çatması ilə şəhərin yüksək təzyiqli və dayanıqlı su təchizatı yalnız yeni quraşdırılan polietilen su kəmərləri ilə həyata keçiriləcək.

Layihənin tikinti-quraşdırma işlərinin mart-aprel aylarında yekunlaşması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR