Niyazi Səfərov: "Dövlət satınalmalarında yerli məhsullara üstünlük verilir"

Niyazi Səfərov: "Dövlət satınalmalarında yerli məhsullara üstünlük verilir"
# 01 mart 2019 11:24 (UTC +04:00)

“Cənab prezidentin ölkə iqtisadiyyatının inkişafı ilə qəbul edilmiş qərarlarında yerli istehsalın inkişaf etdirilməsi və təşviq olunması xüsusi yer tutur”.

ONA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda ölkədə ciddi islahatlar həyata keçirir, təşviq və dəstək mexanizmi tətbiq olunur: "Dövlət satınalmaları haqqında qanunvericilikdə 20 faiz güzəşt barədə müvafiq müddəa var. Eyni zamanda büdcə təşkilatları tərəfindən satınalmalar həyata keçirilərkən yerli məhsullara üstünlük verilməsi ilə bağlı cənab prezidentin qərarı da var idi və bu istiqamətdə real addımlar atılır. Yerli məhsulların çeşidinin və keyfiyyətinin artması da sahibkarların dövlət satınalmalarında onları daha geniş təqdim etməsi üçün əlverişli şərait yaradır".

Nazir müavininin sözlərinə görə, ölkə başçısının siyasəti iqtisadiyyatın davamlı inkişafına yönəlib: “Davamlı inkişaf da sahibkarlığın inkişafı və dəstəklənməsi ilə bağlıdır. Dövlət satınalmaları təkcə formal olaraq müvafiq qurumlar tərəfindən xidmətlərin, məhsulların və işlərin alınması ilə bağlı deyil. Bu, həm iqtisadi baxımdan, həm sahibkarlığın inkişafı baxımından, həm də rəqabətliliyin təmin olunması baxımından daha dərindir".

Nazir müavini onu da qeyd edib ki, müəyyən məhsullar xaricdən idxal olunur, ölkədə istehsal olunmur: “Xaricdən idxal olunan bu məhsulların bir qisminin yerli istehsalının təşkil edilməsi istiqamətində işlər aparılır. Eyni zamanda bir sıra iqtisadi fəaliyyət sahələrində müəssisələrin yaradılması, yeni texnologiyanın tətbiq olunması yerli məhsulların dövlət satınalmalarında daha geniş təqdim olunmasına şərait yaradır. Bizim sahibkarlarla ünsiyyətimiz, satınalmaların həyata keçirilməsi prosedurları və digər məlumatlar onu göstərir ki, yerli məhsulların çeşidi artır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR