Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı 11,9% artıb

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı 11,9% artıb
# 14 aprel 2017 12:48 (UTC +04:00)

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artıb.

APA-nın xəbərinə görə, bu barədə Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib: “İstehsal olunan məhsulların 87 faizini müdafiə və xüsusi təyinatlı, 13 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb”.

Kollegiyada o da deyilib ki, ilk dəfə “ADEX-2016“ II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin üzərində aparılan işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib: “Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Ağırlığı 12,3 tona çatan, 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malik olan “Tufan” zirehli nəqliyyat vasitəsi 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur. “Tufan” milli zirehli nəqliyyat vasitəsinin üzərində quraşdırılmış 12,7; 14,5; 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR