Elman Nəsirov: “ABŞ postsovet məkanındakı münaqişələrə ikili standartla yanaşır”

Elman Nəsirov: “ABŞ postsovet məkanındakı münaqişələrə ikili standartla yanaşır”
# 15 fevral 2017 15:54 (UTC +04:00)

“Ermənistan Azərbaycan torpaqlarının işğalı və təcavüzü nəticəsində yaratdığı qondarma separatçı rejimdə növbəti cinayətə imza atmağa hazırlaşır”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov Dağlıq Qarabağ separatçı rejiminin fevralın 20-də keçirməyi planlaşdırdığı saxta referenduma münasibət bildirərkən deyib.

E. Nəsirov bildirib ki, bu, onsuz da dalana dirənmiş danışıqlar prosesinə arxadan vurulan çox ağır zərbə olacaq: “Referendum bir daha göstərəcək ki, Ermənistanın, Sarkisyan rejiminin Dağlıq Qarabağ münaqişəsini siyasi yolla həll etmək niyyəti yoxdur. Sadəcə, bəzən danışıqlara getməklə beynəlxalq ictimaiyyətin gözünü kül üfürür, onu aldatmaq istəyirlər. Reallıqda isə əsas məqsəd status-kvo vəziyyətini qoruyub saxlamaqdan ibarətdir. Qondarma rejimdə qondarma referendumun keçirilməsi nəticə etibarilə bir daha bütün dünyaya nümayiş etdirəcək ki, Ermənistan dövlətinin bu münaqişəni dinc yolla tənzimləmək niyyəti yoxdur”.

E. Nəsirov qeyd edib ki, bu təxribat beynəlxalq ictimaiyyət, xüsusən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun gözü qarşısında baş verməkdədir: “Eyni zamanda, bu hadisə Münhen Təhlükəsizlik Konfransının keçiriləcəyi dövrə təsadüf edir. Bununla da Ermənistan beynəlxalq hüquq normalarını qəbul etmədiyini nümayiş etdirir, tapdalayır. Çox təəssüf ki, bu gün beynəlxalq ictimaiyyətin bu təxribata adekvat reaksiyasını, bu hadisə ilə bağlı siyasi iradə ortaya qoymalarını və qətiyyət nümayiş etdirmələrini görmürük. Təəssüf doğuran hal odur ki, postsovet məkanında olan bir sıra münaqişələr, o cümlədən Cənubi Osetiya, Abxaziya məsələsi ilə bağlı anoloji vəziyyət yaranarkən beynəlxalq ictimaiyyət dərhal reaksiya verir və həmin qeyri-qanuni fəaliyyət göstərən rejimlərdə seçkilərin, referendumların keçirilməsini pisləyir. Yəni siyasi təzyiq mexanizmlərini işə salırlar. ABŞ bu hallarda xüsusi fəallıq nümayiş etdirir. Yeri gəlmişkən, ABŞ-ın Gürcüstandakı səfirliyi Cənubi Osetiyadakı qeyri-qanuni rejimin ad dəyişikliyi ilə bağlı apreldə referendum keçirmək barədə qərarına dərhal reaksiya verdi, bunu pislədi. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət, postsovet məkanındakı digər münaqişələrlə bağlı həssaslıq nümayiş etdirən ABŞ-ın Dağlıq Qarabağda status-kvo vəziyyətinin saxlanılmasına xidmət edən qondarma referendumun keçirilməsinə mənfi münasibətini görmürük. Bu, ikili standartların birbaşa göstəricisidir. Azərbaycan prezidenti İlham Əliyev də bəyan edib ki, əgər biri silah-sursat, biri pul verməsəydi, digəri təbliğatı ilə məşğul olmasaydı, biri də lobbiçilik etməsəydi, cırtdan Ermənistan bu qədər azğınlaşa bilməz, beynəlxalq hüquqa həqarətlə yanaşa bilməzdi. Ona görə də bu, postsovet məkanındakı digər münaqişələrə münasibətdə xüsusi həssaslıq nümayiş etdirən ABŞ da daxil olmaqla, ATƏT-in Minsk Qrupu, beynəlxalq ictimaiyyət üçün bir sınaq anıdır. Ermənistan bilməlidir ki, belə təxribatçı addımlar münaqişənin həlli imkanlarını daha da buxovlayır. Belə olan halda hadisələrin daha mürəkkəb ssenari üzrə inkişafı labüdləşə bilər. Bu halda da bütün məsuliyyət Ermənistanın və onu himayə edən dövlətlərin, xüsusən Minsk Qrupunun üzərinə düşəcək. Eyni zamanda, bu referendum indiki həssas, danışıqların faktiki olaraq aparılmadığı bir məqamda danışıqların bərpası ilə bağlı ümidlərin üzərindən xətt çəkən bir təxribatdır. Hadisələrin bundan sonrakı inkişafına görə sadaladığım tərəflər məsuliyyət daşıyacaqlar. Azərbaycan prezidenti də çıxışlarında dəfələrlə bu məqamı vurğulayıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR