SOCAR: OPEC+ təşəbbüsü effektivliyini göstərə bilir

SOCAR: OPEC+ təşəbbüsü effektivliyini göstərə bilir
# 29 yanvar 2020 15:21 (UTC +04:00)

"Azərbaycanın iştirak etdiyi OPEC+ təşəbbüsü (Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olmayan ölkələr – red.) 2016-cı ildən bəri dünya bazarlarında neftin qiymətinin sabitləşməsinə xidmət edir".

"APA-Economics"in verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA TV-nin "APAralel" verilişində qonaq qismində iştirak edərkən bildirib.

Onun sözlərinə görə, OPEC təşkilatı ondan ötrü yaradılmışdır ki, neft istehsal edən ölkələri qiyməti sabitləşdirməklə öz maraqlarını təmin edə bilsinlər, gəlirlərindən məhrum qalmasınlar. Amma təşkilat çərçivəsində bəzi ölkələrin mövqelərinin zəifləməsi, əsasən də orada neft hasilatının daha çox siyasi faktorlar (məsələn, Venesuela və İran) səbəbindən aşağı düşməsi OPEC-in ümumi istehsal gücünü dünya miqyasında azaltdı. Digər tərəfdən, qeyri-OPEC ölkələri, başda ABŞ olmaqla, son illərdə neft hasilatını xeyli artıra bildi, bununla da onlar dolayısı ilə OPEC-in gücünü zəiflətdilər.

"Göründü ki, OPEC sadəcə öz imkanları sahəsində birtərəfli olaraq artıq dünya neft bazarlarını idarə edə bilmir və buna görə də OPEC+ birləşməsinə ehtiyac yarandı. Biz gördük ki, Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələrin iştirak etdiyi bu birləşmə, bu qrup artıq effekt göstərə bilir", - deyə, İ. Əhmədov qeyd edib.

SOCAR-ın rəsmisinin sözlərinə görə, qiymətlərin sabitləşməsində OPEC ölkələrindən biri – Səudiyyə Ərəbistanının da xüsusi əhəmiyyəti var: "Çünki bu ölkə kvotanın azaldılmasına, bəlkə də, hamıdan çox töhfə verir və onların mövqeyindən qarşıdakı illərdə və aylarda çox şey asılı olacaq. Lakin hazırda görünür ki, onların mövqeyi – neftin qiymətini təxminən 60-70 dollar səviyyəsində stabilləşdirməkdir və biz də bu mövqeyi Azərbaycan, SOCAR olaraq dəstəkləyirik".

İ. Əhmədovun onu da bildirib ki, tələb və təklif neftə olan qiyməti müəyyən edən əsas amildir. Amma buna baxmayaraq, "qara qızıl"a olan qiymətlərə dünyada baş verən hadisələr və hadisələrin yaratdığı gözləntilər də öz təsirini göstərir.

"Şəxsən mən yaxın vaxtlarda neftin qiymətinin kəskin azalacağını gözləmirəm və fikrimcə ki, bir çox ekspertlər də bu cür düşünür", - deyə İ. Əhmədov qeyd edib.

O həmçinin əlavə edib ki, Azərbaycanın iri neft istehsalçılarından biri olmamasına baxmayaraq, OPEC+ çərçivəsində neftə olan qiymətlərin sabitləşməsinə öz mühüm töhfəsini verib.

Azərbaycan iqtisadiyyatının bünövrəsi, təməli məhz neft sahəsində qoyulub və neft bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verən, onun inkişafı üçün təməl yaradan əsas amildir, deyə İ. Əhmədov əlavə edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Xatırladaq ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR