KTN yanında dövlət xidməti bəzi bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandırıb

KTN yanında dövlət xidməti bəzi bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandırıb
# 04 iyun 2018 08:43 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin müvəkkil kredit təşkilatları siyahısına daha bir bank daxil olub.

"APA-Economics"ə verilən məlumata görə, Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün "Rabitəbank" ASC ilə niyyət protokolu imzalayıb. Niyyət protokoluna Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və “Rabitəbank” ASC-nin direktor müavini Orhan Gültekin imza atıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi bildirib ki, “Rabitəbank”ın mövcud vəziyyəti, xidmət səviyyəsi və Azərbaycan üzrə əhatə dairəsi onu etibarlı tərəfdaşa çevirəcək, fermerlərə əlçatan edəcək: "Əminik ki, seçdiyimiz müvəkkil kredit təşkilatları fermerlərin maliyyəyə asan və maneəsiz çıxışını təmin etməkdə bizə yardım göstərəcək”.

“Rabitəbank”ın direktor müavini göstərilmiş etimada görə təşəkkürünü bildirib: "Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən olan aqrar sahənin inkişafına töhfə verəcəyimizə şadıq”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti kreditlərin verilməsində şəffaflığı təmin etmək, aqrar sahə üçün kreditləri daha əlçatan etmək, eləcə də daha sağlam bank və kredit təşkilatlarını kənd təsərrüfatı kreditlərinin verilməsinə cəlb etmək üçün banklarla əməkdaşlığını yenidən nəzərdən keçirib. Bir sıra bank və kredit təşkilatları ilə əməkdaşlığı dayandıran Dövlət Xidmətinin tərəfdaşları sırasına yeni bank və BOKT-lar qatılıb.

Bu günədək 5 bank və 3 bank olmayan kredit təşkilatı ilə niyyət protokolları imzalanıb. İlin sonunadək Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Bundan başqa, fermer və sahibkarlardan daşınar əmlakı, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi də diqqətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR