Suriya XİN başçısı: “ABŞ-ın Suriya münaqişəsini həll etmək niyyəti yoxdur”

Suriya XİN başçısı: “ABŞ-ın Suriya münaqişəsini həll etmək niyyəti yoxdur”
# 28 oktyabr 2016 14:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “ABŞ-ın Suriya münaqişəsini həll etmək niyyəti və siyasi iradəsi yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Suriya xarici işlər naziri Valid Müallim rusiyalı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunlarına dair birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Suriya münaqişəsinin siyasi yolla həllinin axtarışı ilə bağlı ABŞ-ın siyasi iradəsi varmı? Fikrimcə, ABŞ-ın belə bir istəyi yoxdur. Suriya münaqişəsi ilə bağlı ABŞ-Rusiya anlaşması var idi, lakin həmin anlaşma pozuldu. Əgər ABŞ həqiqətən də bu anlaşmaya sadiq qalsaydı, indi vəziyyət başqa cür olardı. ABŞ böhranın həll olunmasını istəmir. Bizə ABŞ-ın siyasi iradəsinin olmasının sübutu lazımdır", - deyə Suriya XİN başçısı qeyd edib.

V. Müallim Qərb koalisiyasının İŞİD-in qeyri-rəsmi paytaxtı olan Rakkanın azad olunması ilə bağlı keçirdiyi hərbi əməliyyatlara da münasibət bildirib: "Heç kəs ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iki həftəyə Rakkanı azad edə biləcəyinə inanmır. Koalisiya artıq iki ildən çoxdur fəaliyyət göstərir. Biz hər zaman sual veririk ki, bu müddətdə İŞİD-lə mübarizədə koalisiya nəyə nail olub? Ona görə də ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya inanmırıq".

Suriyalı nazir Dəməşqin terrorçuluğa qarşı mübarizədə səyləri azaltmaq niyyətində olmadığını da söyləyib: "Putinin dünən qeyd etdiyi kimi bizim səbrimizin həddi var. Biz terrorla mübarizədə səylərimizi azaltmaq niyyətində deyilik. Hələbi terrorçulardan azad edəcəyik. Hamıya məlum oldu ki, əslində atəşkəsi kim və hansı niyyətlə pozub, mülki əhalinin və yaralıların münaqişə bölgəsindən təxliyə olunmasına kim maneçilik törədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR