AMEA-da mənzil və yalançı elmə qarşı mübarizə üzrə komissiyalar yaradılıb

AMEA-da mənzil və yalançı elmə qarşı mübarizə üzrə komissiyalar yaradılıb
# 07 dekabr 2016 14:00 (UTC +04:00)

Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif-Ala Mehdiyevin “Narkotik asılılığın korreksiyasının yeni immunokimyəvi üsulu” mövzusunda məruzəsi dinlənilib.

Alim Fizi­o­logiya İnstitutunda tədqiqatlar aparıldığını, alınmış nəticələrin gələcəkdə müxtəlif mənşəli narkotik maddələr vasitəsilə yaranan asılılığın kor­reksiyası məqsədilə tətbiq edilə biləcəyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Fizi­ologiya İnstitutuna narkotik asılılığın korreksiyasının yeni üsulunun işlənməsi üzrə aparılan tədqiqatları genişləndirmək tapşırığı verilib.


Rəyasət Heyətinin digər qərarı ilə mənzil məsələsi üzrə Komissiya yaradılıb. İclasda Komissiyanın tərkibi təsdiq edilib.

Gündəlikdə yer alan növbəti məsələ yalançı elmə qarşı mübarizə ilə bağlı olub. Akademik Akif Əlizadə son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çox şaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəldiyini, lakin bununla yanaşı, elmi fəaliyyətə münasibətdə bir sıra neqativ tendensiyaların da müşahidə olunduğunu vurğulayıb. Akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya tipli fəaliyyətin genişləndiyini söyləyib.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirilmək məqsədilə Komissiya yaradıb. Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın tərkibi təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR