Misirdə genişləndirilmiş Süveyş kanalı istifadəyə verilib

Misirdə genişləndirilmiş Süveyş kanalı istifadəyə verilib
# 06 avqust 2015 23:56 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, göyərtəsində Misir prezidenti Abdel Fəttah Sisinin olduğu “Əl Horriyə” yaxtasının başçılıq etdiyi hərbi donanma helikopterlərin və hərbi təyyarələrin müşayiəti ilə kanaldan keçib.

Misir prezidentinin sözlərinə görə, ölkədə bir neçə il davam edən siyasi və iqtisadi gərginlikdən sonra 35 km uzunluğu olan Süveyş kanalının ikinci hissəsinin tikintisi və kanalın qalan hissəsində məcranın genişləndirilməsi ölkə iqtisadiyyatının inkişafına güclü təkan verəcək.

Qeyd edək ki, cəmi bir il davam etmiş tikinti işlərinə Misir 8,2 mlrd dollar vəsait sərf edib.

Layihənin əsas məqsədi gəmilərin hər iki istiqamətdə hərəkətini təmin etməkdir. Belə ki, cənubdan şimala doğru hərəkət edən gəmilər kanalın əvvəlki məcrasından, şimaldan cənuba üzən gəmilər isə yeni məcradan istifadə edəcəklər. Bu kanalda “tıxac”ların aradan qaldırılmasına imkan verəcək və kanaldan keçmə vaxtını xeyli (18 saatdan 11 saatadək) azaldacaq, həmçinin, kanalın sutkalıq buraxma qabiliyyəti 49 gəmidən 97 gəmiyədək artacaq.

Qeyd edək ki, Süveyş kanalı dünya üzrə yük dövriyyəsinin 7 faizini təmin edərək Yaxın Şərq neftinin Avropaya tədarük olunmasında əsas rol oynayır, Misir üçün isə turizmdən sonra ikinci mühüm valyuta mənbəyidir.

Süveyş kanalının genişləndirilməsi Misirin bu sahədən əldə etdiyi gəlirləri artıq 2023-cü ildə 2,5 dəfə - 13,2 mlrd dollaradək (hazırda 5,3 mlrd dollar təşkil edir) artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR