Nazir müavini: "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir"

Nazir müavini: "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir"
# 01 fevral 2017 10:24 (UTC +04:00)

"Növbəti illərdə Gürcüstanın enerji sektorunun inkişafı üçün əsas amil "Şahdəniz-2" layihəsinin istismara verilməsi və qaz anbarının tikintisi olacaq". "APA-Economics" xəbər verir ki, bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.

"Tələbatın artması ilə əlaqədar infrastrukturun inkişafı üçün bizim 10 illik planımız var. yeni qaz anbarının tikintisi zəruridir. Bunun hesabına biz gündəlik və mövsümi disbalansı aradan qaldıra bilərik. "Şahdəniz" konsorsiumu çərçivəsində imzalanan sazişə əsasən biz istehlak edə bilmədiyimiz qazı itirəcəyik. Eyni zamanda bizim təkrar ixrac imkanımız da yoxdur. Yay mövsümündə qaza olan tələbat azalır və biz bu qazı anbarda saxlaya bilərik. Bu infrastruktur 100% dispetçerizasiya tədbirləri ilə əhatə olunur. "Şahdəniz-2" layihəsi Gürcüstan üçün prinsipial əhəmiyyət kəsb edir. Layihə üzrə işlərin plana və qrafikə uyğun şəkildə aparılması bizi sevindirir. Bildiyimiz kimi, Dünya Bankı SOCAR-a 400 mln. dollar ayırıb və bu vəsait TANAP layihəsinə yönələcək. TANAP layihəsinin Gürcüstandan keçən hissəsində işlərin böyük hissəsi başa çatıb və biz əminliklə deyə bilərik ki, gecikmə olmayacaq. Hesab edirəm ki, 2020-ci ildən etibarən "Şahdəniz-2" layihəsindən əlavə həcmdə qazın alışına ümid etmək olar", - deyə nazir müavini bildirib.

“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 40 mlrd. dollardan çoxdur.

Layihədə Azərbaycanın payı təxminən 13 mlrd. dollar məbləğində olacaq.

Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.

“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), “Petronas” (15,5%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR