Nazir: “Ermənistanın işğalçı siyasəti islamın tarixi və mədəni irsinə qarşı hücumdur”

Nazir: “Ermənistanın işğalçı siyasəti islamın tarixi və mədəni irsinə qarşı hücumdur”
# 05 may 2018 14:11 (UTC +04:00)

“Azərbaycan bir sıra İƏT üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Banqladeşdə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına yardım göstərməkdə davam edəcək.

Nazir İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmaların Azərbaycanın dərin narahatlığına səbəb olduğunu vurğulayıb: “Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.

E. Məmmədyarov qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunub, bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib: “Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilib və təhqirə məruz qalıb. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə islamın tarixi və mədəni irsinə qarşı bir hücumdur. İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm”.

Nazir 2018-ci il iyunun 20-də Naxçıvan şəhərində İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə “Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018” adlı tədbirin açılış mərasiminin keçiriləcəyini də bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR