Sağlamlıq imkanları məhdud 45 gəncin əl işi beynəlxalq sərgidə nümayiş olunub

Sağlamlıq imkanları məhdud 45 gəncin əl işi beynəlxalq sərgidə nümayiş olunub
# 05 aprel 2018 13:14 (UTC +04:00)

Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” (“AİTF 2018”) sərgisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri də nümayiş olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və tərəfdaşı – “İTE Group” (Böyük Britaniya) şirkətlərinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biridir. “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən, 20-yə yaxın ölkədən 277 şirkətin iştirak etdiyi “AİTF 2018” sərgisi də regionun turizm imkanlarını yaxından təqdim etməyə imkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, budəfəki sərgidə 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə də yer ayrılıb.

Beləliklə, sərgidə sağlamlıq imkanları məhdud 45 nəfər gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri də sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli-mənəvi dəyərlərimiz, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. əksini tapır.

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması, onların yaradıcılıq potensiallarının dəstəklənməsi məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl tədbirlər, sərgilər, baxış-müsabiqələr təşkil olunur. “AİTF 2018” sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin təqdim olunmasına şərait yaradılması da bu məqsədlə aparılan işlərin davamıdır. Sərgidə gənclərin müxtəlif mövzularda hazırladıqları tətbiqi sənət nümunələri sərgi iştirakçıları, o cümlədən ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanır.

Artıq dörd ildən çoxdur ki, fəaliyyət göstərən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər 1400 nəfərdən çox gənc müxtəlif peşələr, habelə tətbiqi sənət növləri üzrə kurslara cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR