Elman Babayev: “1 saylı psixonevroloji sosial xidmət müəssisəsi barədə dərc olunan yazı görülən işləri gözdən salmaq məqsədi daşıyır”

Elman Babayev: “1 saylı psixonevroloji sosial xidmət müəssisəsi barədə dərc olunan yazı görülən işləri gözdən salmaq məqsədi daşıyır”
# 21 iyul 2015 14:11 (UTC +04:00)

Bakı-APA. “Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət sahələrində olduğu kimi, sosial xidmətlər sahəsində də əhaliyə xidmətin keyfiyyətcə yüksəldilməsi, o cümlədən sosial xidmət müəssisələrində yaşayan şəxslərə dövlət qayğısının layiqli səviyyəyə çatdırılması istiqamətində görülən işlərin müsbət nəticələri hazırda bu müəssisələrdə yaşayan insanlar, ümumən cəmiyyət tərəfindən də razılıqla qarşılanır”.

Bunu APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, buna baxmayaraq, bəzi KİV-də həqiqətə uyğun olmayan materiallar dərc olunur: “Nazirliyin Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi barədə dərc olunan, yalan və böhtan məzmunlu yazı bəzən subyektiv maraqlar, şəxsi ambisiyalar mövqeyindən yanaşılaraq, görülən bu işləri gözdən salmaq, ləkələmək marağında olanların mövcudluğunu da göstərir”.

Şöbə müdiri qeyd edib ki, həmin sosial xidmət müəssisəsinə bu vaxta qədər sosial xidmət sahəsində uğurlu iş təcrübəsi ilə seçilən yeni rəhbər təyin olunub. Müəssisədə mövcud olan nöqsanların aradan qaldırılması, bu qapalı tipli müəssisədə yaşayanların təminatının gücləndirilməsi, ciddi nizam-intizam prinsipinin yaradılması barədə ona müvafiq göstərişlər verilib. Hazırda 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeyd olunan istiqamətlərdə məqsədyönlü işlər aparılır: “İlk növbədə burada sakinlərin rahatlığı, müvafiq xidmətlərlə təmin olunmaları, onların asudə vaxtının maraqlı keçməsi, mənalı istirahətinin təşkili üçün lazımi işlər aparılır. Müəssisənin əvvəlki rəhbərliyinin diktəsi ilə yazıldığı və dərc etdirildiyi aydın hiss olunan yazıda isə bu işlər görməməzliyə vurularaq, hazırda müəssisədə yeni direktor tərəfindən guya “sakinlərin müavinət kartlarının əllərindən alındığı”, “müavinətlərinin mənimsənildiyi”, “bu müavinətlər hesabına burada fontanın inşa ediləcəyi”, “işçilərə qarşı qanunsuz hərəkətlərin baş verdiyi”, “xəstələrin ac saxlanıldığı” və s. kimi heç bir əsası olmayan, böhtan xarakterli fikirlər yayımlanır”.

E.Babayev bildirib ki, 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində mövcud olmuş yuxarıda sadalanan nöqsanlar əvvəlki direktorun fəaliyyəti dövründən qalıb və bu gün həmin nöqsanların aradan qaldırılması istiqamətində mühüm işlər aparılır: “Müəssisəyə yeni direktor iki ay öncə təyin olunub ki, ötən iki ay ərzində bu nöqsanların tam aradan qaldırılması fiziki baxımdan mümkün olmasa da, artıq müsbət nəticələr var və onların davam edəcəyi şübhəsizdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR