Azərbaycanla Polşa Hökumətlərarası Komissiyasının VII iclasına hazırlıq işlərini müzakirə edib

Azərbaycanla Polşa Hökumətlərarası Komissiyasının VII iclasına hazırlıq işlərini müzakirə edib
# 02 dekabr 2016 11:57 (UTC +04:00)

Bu gün energetika naziri Natiq Əliyevlə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka arasında görüş keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun da iştirak etdiyi görüşdə dekabrın 19-20-də keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının VII iclasına son hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin iş adamlarının maraq dairəsində olan əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, müvafiq şirkətlərin bu müzakirələrə cəlbi və Hökumətlərarası Komissiyanın iclası çərçivəsində keçiriləcək biznes görüşündə onların iştirakının təmin edilməsi istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Polşanın enerji, gəmiçilik, dəniz nəqliyyatı, kənd təsərrüfatı və əczaçılıq kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən M. Tsalka bildirib ki, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir. Birgə layihələrin həyata keçirilməsi isə həm Azərbaycan, həm də Polşa üçün faydalı ola bilər.

N. Əliyev isə bildirib ki, Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi irəli sürülən təkliflər üzrə razılaşmaların əldə edilməsi üçün zəruri dəstəyi verməyə hazırdır. O, Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq deyib ki, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələr olduqca çoxşaxəlidir. Hökumətlərarası Komissiyanın VII iclası yeni prioritetlərin müzakirəsi və razılaşmaların əldə edilməsi ilə iqtisadi münasibətləri daha da inkişaf etdirəcək.

Polşada keçiriləcək tədbirdə yekun olaraq iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR