Şəkidə ağır qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşı olub - YENİLƏNİB-2

Şəkidə ağır qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşı olub - <span style="color: red;">YENİLƏNİB-2
# 10 dekabr 2017 10:31 (UTC +04:00)

Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi “Mercedes” markalı "57 BN 577" dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi “Passat” markalı "20 DA 133" dövlət nömrə nişanlı minik avtomobili qarşı-qarşıya toqquşub.

Ağır qəzadan sonra "Passat" markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin 1949-cu ildə Şəmkir rayonunda doğulan və hazırda Rusiya vətəndaşı olan Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) çatan an ölüb. Digər yaralı 1963-cü ildə Yevlax rayonunda doğulan və hazırda Rusiyanın Primorski diyarında qeydiyyatda olan İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.


"Mercedes" markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri 1992-ci il təvəllüdlü Qax rayon sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir ŞMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

APA-nın əldə etdiyi məlumata görə, Rusiyanın ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları olublar. "Mercedes" markalı avtomobilin sürücüsü Murad Bağırov, Elvin Qasımlı və Rəşad Məzahir Aslanlı isə hərbçidirlər.

***

9 dekabr saat 21.53

Şəkidə baş verən ağır yol qəzasında yaralananlardan biri Rusiya vətəndaşıdır.

Şəki MRX-dan APA-ya bildirilib ki, qəza nəticəsində ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 1963-cü ildə Yevlax rayonunda doğulan İsa Hilal oğlu Abbasov Rusiya Federasiyasının Primorski diyarında qeydiyyatdadır və o, Rusiya vətəndaşıdır.

****

9 dekabr saat 20.41

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələlik sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mercedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb.

Şəki MRX-dan APA-ya bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR