Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə əmrin icrasına dair tədbir keçirilib

Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə əmrin icrasına dair tədbir keçirilib
# 19 oktyabr 2016 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Respublika Perinatal Mərkəzində səhiyyə nazirinin doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə əmrinin icrasına dair tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, əmrə əsasən aprel ayından başlayaraq yüksək ixtisaslı mama ginekoloq, anestezioloq – reanimatoloq və neonatoloqlar Təcili Təxirəsalınmaz və Tibbi Yardım Stansiyası vasitəsilə respublikanın müxtəlif şəhər və rayonlarına ezam olunub. Onun sözlərinə görə, bölgələr kurasiyalar üzrə bölündüyündən qadın məsləhətxanalarının həkimləri 4-6 həftə ərzində mütəmadi olaraq rayon mərkəzlərində, kəndlərdə antenatal qulluğun bütün sahələrinə köməklik göstəriblər: “Hamilələrin 3 aya qədər kliniki protokollara uyğun müayinələri, risk faktorları daşıyan hamilələrin aşkarlanması, onlara daha mükəmməl müayinələrin və konsultasiyaların təşkili, kənd yerlərində yaşayan hamilələr üçün rayon mərkəzlərindən təhkim olunmuş həkimlərin qrafiklərinin tənzimlənməsi üçün yaxından köməklik göstərib. Regionlardan Bakı şəhərinə və yaxud başqa bölgələrə miqrasiya edən hamilələr haqqında elektron poçt vasitəsi ilə məlumatların verilməsi də öz həllini tapıb”.

S.Məmmədova vurğulayıb ki, Bakı şəhərinin qadın məsləhətxanalarında hamilələrə verilən ev kartaları artıq regionlardakı hamilələrə də təqdim edilib. Komissiya sədri vurğulayıb ki, həkim ev kartlarının nəticələrinə görə hamiləyə lazımı müalicə təyin edir.

Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva bütün qadınların yaşadıqları ərazi qadın məsləhətxanalarına 3 aya qədər müraciət edib qeydiyyata düşmələrini tövsiyə edib. Onun sözlərinə görə, bəzən qadınlar nigahlarının olmamasını, yaxud yaşadıqları ərazidə pasport qeydiyyatının yoxluğunu əsas gətirərək qeydiyyata durmaqdan yayınırlar: “Bəziləri özlərinə şəxsi həkimlər tuturlar, məsləhətxananın qeydiyyatına çox gec müraciət edirlər. Bu da bəzən hamiləliyin fəsadlaşmasına gətirib çıxarır. Ona görə hamilə qadınlara hamilə olduqlarını bilən kimi nikahın olub-olmasından asılı olmayaraq, şəxsiyyət vəsiqəsi ilə yaşadıqları ərazinin qadın məsləhətxanasına müraciət etmələri tövsiyə olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR