Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% artıb
# 05 yanvar 2018 08:37 (UTC +04:00)

Ötən il Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından 2-ci yeri tutub.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze 2017-ci ilin turizm yekunlarına həsr olunmuş brifinqdə deyib ki, ötən il Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1 694 998 nəfər olub. Bu da 2016-cı illə müqayisədə 11,2% çoxdur.

Ötən il qonşu ölkəyə ümumilikdə 7 554 936 əcnəbi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,8% çoxdur. Onlardan 3 478 932 nəfəri Gürcüstanda 24 saat və ya daha çox vaxt ərzində olub.

Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1 718 016), Rusiya (1 392 610) və Türkiyə (1 246 745) vətəndaşları da yer alıb.

Gürcüstanın 2017-ci ilin 3 rübündə xarici turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 29% çoxdur. Ötən ildə əldə olunmuş ümumi gəlirin bu il 2,7 mlrd. dollara çatacağı proqnoz olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR