Cəbhəyanı 7 kəndi birləşdirən 5,4 kilometrlik yol yenidən qurulur

Cəbhəyanı 7 kəndi birləşdirən 5,4 kilometrlik yol yenidən qurulur
# 01 fevral 2018 06:33 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub ki, bu yollardan biri də 5,4 km uzunluğunda olan Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin istifadəsinə veriləcək.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun deformasiya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə iri dənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 30 min kvadratmetrdən çox sahəni əhatə edəcək.

Nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilişindən sonra vətəndaşların istifadəsinə veriləcək.

Qısa müddət ərzində təmir-tikinti işlərinin aparılaraq yekunlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən lazımi sayda qüvvə əraziyə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR