Bakıda VII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı iclas keçirilib

Bakıda VII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı iclas keçirilib
# 11 sentyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə M. F. Axundov adına Milli Kitabxanada VII Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı iclas keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müvafiq şöbələrin rəhbərlərinin, festivalda iştirak edəcək teatr-konsert müəssisələrinin, təhsil ocaqları və yaradıcı ittifaqların, musiqi kollektivlərinin bədii rəhbərlərinin qatıldığı iclasda tədbirlə bağlı təşkilati məsələlər müzakirə olunub, festivalın proqramı barədə ətraflı məlumat verilib.

Ə. Qarayev artıq ənənə halını alan və bu il Üzeyir Hacıbəyovun 130 illik yubileyinə təsadüf edən beynəlxalq musiqi bayramının yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə festivalın tədbirlər planı barədə məlumat verib. Qeyd olunub ki, ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlər həllini tapıb. Müxtəlif konsertlər, görüş və elmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.

Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə konsert proqramı təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR