"Quş qripi" ilə bağlı növbəti monitorinq keçiriləcək

"Quş qripi" ilə bağlı növbəti monitorinq keçiriləcək
# 26 oktyabr 2015 06:57 (UTC +04:00)

Bakı - APA. Köçəri quşların payız miqrasiyası nəzərə alınaraq noyabrın 2-də Azərbaycan ərazisində növbəti monitorinqə start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Monitorinq DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək bütün nümunələr (qan və patoloji materiallar) Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr noyabrın 13-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

DBNX bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR