Daxili Qoşunların yaranmasının 24-cü ildönümü qeyd olunub

Daxili Qoşunların yaranmasının 24-cü ildönümü qeyd olunub
# 12 mart 2016 15:47 (UTC +04:00)

Bakı-APA. Martın 12-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının (DQ) yaranmasından 24 il ötür. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə DQ-ın komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət edib, «Əbədi məşəl» önünə əklil qoyulub. Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Daha sonra DQ-ın Baş İdarəsində bu qurumun yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.

Əvvəlcə salona Daxili Qoşunların Döyüş Bayrağı gətirilib. Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib.

Ş.Məmmədov deyib ki, torpaqlarımızın azadlığı naminə aparılan döyüş əməliyyatları zamanı qoşunların şəxsi heyəti əsl qəhrəmanlıq nümunələri göstərib. Bu döyüşlərdə 510 hərbi qulluqçu həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Hərbi qulluqçularımızdan 9 nəfəri «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb.

Qeyd olunub ki, 2015-ci ildə və cari ilin ötən dövründə də qarşıya qoyulmuş döyüş tapşırıqları tam yerinə yetirilib, hərbi qulluqçular ictimai asayişin keşiyində əzmlə dayanıblar. Şəxsi heyət respublikanın bir sıra bölgələrində asayişin qrup halında pozulması, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan hüquqazidd əməllərin qarşısının alınması, qanunçuluğun və hüquq qaydasının bərpa edilməsi üzrə həyata keçirilən tədbirlərdə də yüksək peşəkarlığı və vətənpərvərliyi ilə fərqləniblər.

Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir R.Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra DQ-ın yaranmasının növbəti ildönümü münasibətilə bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında prezident İlham Əliyevin Sərəncamı, həmçinin, daxili işlər nazirinin və nazir müavini-DQ komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.

Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR