“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlamaq üçün işçi qrup yaradılıb

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlamaq üçün işçi qrup yaradılıb
# 14 mart 2016 09:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, komitə sədri İsa Həbibbəyli bildirib ki, gündəlikdə duran məsələ “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun yaradılmasıdır.

Komitə sədri qeyd edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və hökumətin 2012-ci ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlərlə tənzimlənir: “Yeni layihəyə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək. “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr olunub. Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan, orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar - məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və sair öz əksini tapıb. “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan başlayır, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır. Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin də təcrübələri öyrənilir”.

İ. Həbibbəyli deyib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib: “Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də Milli Məclisin müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlayışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”.

Komitə sədrinin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti deyil: “Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. Qanun layihəsində bu məsələ də öz həllini tapmalıdır”.

Komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev isə bildirib ki, məktəbəqədər təhsillə bağlı özəl şirkətlər və iş adamları təşəbbüs irəli sürməlidirlər. O qeyd edib ki, lisenziyalar haqqında qanunda bu sahənin də lisenziyaları nəzərdə tutulub: “Düşünürəm ki, buna da qanunda baxılmalıdır. Bu məsələyə nəzarət gücləndirilməlidir ki, gələcək nəsillərin formalaşmasında hər hansı səhvə yol verilməsin. Bu baxımdan düşünürəm ki, işçi qrupunu ağır iş gözləyir. Hesab edirəm ki, onlar bu işin öhdəsindən uğurla gələcəklər”.

Sonda komitə üzvlərindən və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb. Qrup 1 ay müddətində qanun layihəsinin ilkin variantını hazırlayıb, təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR