Ceyms Uorlik: “Xalq diplomatiyası Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox mühümdür”

Ceyms Uorlik: “Xalq diplomatiyası Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox mühümdür”
# 23 sentyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Xalq diplomatiyası Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox mühümdür”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik BBC-nin Azərbaycan bölməsinə müsahibəsində deyib. Onun sözlərinə görə, bütün dünya boyunca sülh proseslərində siyasi danışıqlar aşağıdan gələn səylərlə tamamlanır: “Belə səylər müharibədən əzab çəkmiş adamlar arasında münasibətlərin yaxşılaşmasına və sülhdən faydalanmasına imkan yaradır. Ermənistan və Azərbaycan arasında gərginlik çox yüksək olsa da, həmsədrlər iki ölkənin insanlarını bir araya gətirməyə çalışırlar. Bu mənada Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da istisna təşkil etmirlər.

Mən dəfələrlə demişəm ki, bütün tərəflər həmsədrlərlə bir araya gəlib münaqişədən təsirlənmiş insanların maraqları naminə müzakirələr aparmalıdırlar. Su problemi bu təşəbbüslərdən ən göz qabağında olanıdır. Ümid edirəm ki, tərəflər su ehtiyatlarının bölüşdürülməsi sahəsində əməkdaşlığın müzakirəsi üçün masa arxasına gələ bilərlər. Həmsədrlər bu məsələdə onlara köməklik göstərməyə hazırdırlar”.

Xatırladaq ki, səfir C.Uorlik bir müddət əvvəl Dağlıq Qarabağdakı Sərsəng su anbarının şəklini sosial şəbəkədə paylaşaraq bütün tərəflərin su məsələsində əməkdaşlıq edə biləcəyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR