Lahıcda tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək

Lahıcda tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək
# 23 sentyabr 2015 13:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 24-dən 27-dək İsmayıllı rayonunun Lahıc qəsəbəsində Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən tələbələrin iştirakı ilə etno-irs günləri keçiriləcək.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsi layihənin əsas məqsədidir.

Tarixi və mədəni əhəmiyyəti olan layihə zamanı qonaqlar adət ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Onlara milli və tətbiqi sənət məhsulları təqdim olunacaq, kəndirbaz və sehrbazlar öz məharətlərini, gənc aktyor və tələbələr Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını nümayiş etdirəcək, musiqiçilər qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəklər.

Bununla yanaşı, misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim olunacaq.

Festivalda 100 nəfər yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonunda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edəcəklər.

Etno-irs günlərinin yekun sərgisi və təqdimatı sentyabrın 27-də Lahıc qəsəbəsində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR