XİN: Ötən il əsas fəaliyyət istiqamətimiz Ermənistan-Azərbaycan münaqişəsinin həlli olub

XİN: Ötən il əsas fəaliyyət istiqamətimiz Ermənistan-Azərbaycan münaqişəsinin həlli olub
# 12 yanvar 2016 12:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “2015-ci il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qalıb”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir. Bildirilir ki, dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycanın xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkənin bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsi, maraq və dəyərləri əsasında həyata keçirilən müstəqil xarici siyasət kursu cari beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli proseslərin mənfi amillərinin təsirinin azaldılmasına, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı hörmət və bərabər hüquqluq əsasında münasibətlərin inkişafına, iqtisadi-ticarət və humanitar əlaqələrin genişlənməsinə xidmət edib. İl ərzində əldə olunmuş nailiyyətlər ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, iqtisadi-sosial sabitliyin təmin olunması, həmçinin qanunun aliliyi və vətəndaşların hüquq və maraqlarının təmin edilməsi imkanlarının daha genişlənməsinə əsas yaradıb”.

Qeyd olunur ki, ötən il diplomatik fəaliyyətin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşib: “2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub. 27-28 may 2015-ci il tarixində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticəsində Azərbaycan ərazilərinin işğal altında qalması qətiyyətlə pislənilib və münaqişənin Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması zərurəti Avropanın mühüm siyasi və hüquqi təsisatlarının 2015-ci ildə qəbul etdiyi qərarlarında da öz əksini tapıb. Avropa İnsan Hüquqları Məhkəməsi 16 iyun 2015-ci il tarixli qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiqləyərək, Ermənistanın Azərbaycan ərazilərini işğal etmədiyinə dair iddialarını rədd edib və bu ölkənin münaqişənin ilk günlərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma separatçı qurum üzərində həlledici təsirə malik olduğunu və işğal olunmuş ərazilərdə effektiv nəzarət həyata keçirdiyini təsbit edib. Bununla Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə daxil olmaqla digər kobud pozuntularla müşayiət olunan Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini hüquqi əsaslandırıb”.


Mətbuat buraxılışında deyilir ki, dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin qəbuledilməzliyi və bu vasitə ilə yaradılmış vəziyyətin qeyri-qanuniliyi 5-9 iyul 2015-ci il tarixində keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında” qətnamədə xüsusi vurğulanıb. Azərbaycanın müəllif olduğu bu qətnamədə ATƏT məkanındakı münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə və münaqişə nəticəsində öz yurd-yuvalarından zorla qovulmuş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmaq hüququna dəstək ifadə olunub: “4 noyabr 2015-ci il tarixində Avropa Şurasının Parlament Assambleyasının Siyasi məsələlər və Demokratiya Komitəsi “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsini təsdiq etmişdir. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda, layihədə Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək, Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb. Siyasi məsələlər və Demokratiya Komitəsi ilə yanaşı AŞPA-nın Sosial məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 23 noyabr 2015-ci il tarixində “Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsini təsdiq edilib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq, həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi “ekoloji təcavüz” kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq”.

XİN-in hesabatına əsasən beynəlxalq birliyin tələb, təkid və çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətini davam etdirib və ötən il bu ərazilərdə qondarma “seçkilərin” keçirilməsinə cəhd edib: “Beynəlxalq hüquqa zidd olan bu addımlar dünya birliyi tərəfindən birmənalı qaydada pislənilib. İƏT, ATƏT, Avropa İttifaqı və NATO rəsmiləri işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və qeyri-qanuni hesab etdiklərini bildirmişlər. Eyni zamanda, ABŞ, Fransa, Rusiya, Türkiyə və bir çox digər ölkələr bu “seçkiləri” tanımadıqlarını bəyan ediblər. Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilib, bu faciənin anılması üçün müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirilib. Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul edib və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırıb. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatasında və Arizona ştatının Senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilib. ABŞ-ın Konnektikut ştatının Nümayəndələr palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib, Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatla çıxış ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR