SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatlar təqdim olunub

SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatlar təqdim olunub
# 10 noyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR və BP şirkətləri milliləşmə proqramı çərçivəsində aralarında imzalanmış təhsil memorandumuna əsasən, bu gün SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP-nin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdim olunması mərasimi keçirilib.

"APA-Economics"in məlumatına görə, mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrel, Qaradağ rayon icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, habelə SOCAR-ın rəhbər işçiləri iştirak edib.

Qeyd olunub ki, iki şirkət arasında imzalanmış memoranduma əsasən, 2014-15-ci tədris ilində SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində təhsil almaq üçün elan edilmiş qəbul müsabiqəsində Qaradağ rayonunda yaşayan 244 nəfər gənc iştirak edib və test imtahanlarında uğurlu nəticə qazanmış 70 nəfər şagirdi 10 peşə üzrə təhsilə cəlb edilib. Onların arasında 21 nəfərin ali təhsil, 10 nəfərin texniki universitetin məzunları, 1 nəfərin isə magistr olduğu bildirilib.

Qobustan RTM-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, nəzarət ölçü cihazları ölçü cihazları və avtomatika üzrə çilingər, texnoloji qurğuların operatoru, kran maşinisti, karotajçı, quraşdırıcı çilingər, təmirçi çilingər, neft qaz hasilatı operatoru, kompressor qurğularının maşinisti peşələri üzrə nəzəri və istehsalat təlimi dərsləri 2014-cü ilin noyabrın 11-dən bu ilin 18 avqust tarixinədək aparılıb.

Təhsil dövründə 5 dəfə birgə monitorinq aparılıb, şagirdlərin nəzəri və praktiki bilikləri aylıq test imtahanları vasitəsilə yoxlanılıb. Şagirdlər SOCAR-ın müxtəlif idarə və müəssisələrində istehsalat təcrübəsi keçib.

Noyabrın 5-də Qobustan RTM-də yekun sınaq peşə imtahanı keçirilib və bu imtahanların nəticəsinə görə məzun adı qazanmış şagirdlər SOCAR-ın sertifikatlarına layiq görülüb.

SOCAR prezidenti neft kapitalının insan kapitalına çevrilməsi işinə SOCAR-lnn verdiyi töhfələrdən bəhs edib. O qeyd edib ki, SOCAR həm “Şahdəniz-2”, həm də digər layihələrdə yüksək texnologiyalardan istifadə edir: “Şirkət bu istiqamətdə genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirir, yüksək ixtisaslı fəhlə kadrları hazırlanmasına daim diqqət mərkəzində saxlayır. Hazırda şirkətinin nəzdində 5 təlim mərkəzinin və 1 qaynaq mərkəzinin fəaliyyət göstərir. Bu günə qədər bu təlim tədris mərkəzlərində 60 minə kadr hazırlanıb və kvalifikasiya edilib. Bu gün SOCAR-ın 80%-ini bu təlim tədris mərkəzlərini bitirib, burada kadr hazırlığı keçib”.

R. Abdullayev Qobustan RTM-min imkanlarından söz açıb, bu zəngin potensialdan daha səmərəli istifadə olunması tapşırığını verib.

Q. Birrel isə SOCAR-ın təlim mərkəzlərinin təlim və tədris imkanlarını yüksık dəyərləndirib və kadr hazırlığı üzrə imzalanmış memorandumun çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. O bildirib ki, bu təlim mərkəzin yüksək səviyyəli işçilər hazırlamağa qadirdir və BP şirkəti bunun üçün də SOCAR-la əməkdaşlığından məmnunluq duyur: “Əminəm ki, burada hazırlanan kadrlar beynəlxalq tələblərə və standartlara tam uyğun olacaq”.

O qeyd edib ki, Azərbaycan regionda neft-qaz mərkəzinə çevrilib: “Biz inanırıq ki, Azərbaycan gələcəkdə də dünyada böyük bazarları fəth edəcək. BP bu gün 2900-ə yaxın Azərbaycan vətəndaşını işlə təmin edib və onların bir çoxu yüksək vəzifələrdə təmsil olunublar. BP “Şahdəniz -2” və “Cənub Qaz Dəhlizi” layihələri çərçivəsində daha 15 min nəfəri işlə təmin edib”.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR