Gürcüstanda Qələbə gününə həsr olunan tədbirlər keçirilib - FOTOSESSİYA

Gürcüstanda Qələbə gününə həsr olunan tədbirlər keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2016 12:51 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında, həmçinin ölkədəki bütün bölgələrdə faşizm üzərində 9 may Qələbə gününün 71-ci ildönümünə həsr olunan tədbirlər keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və parlament üzvləri müxtəlif vaxtlarda Tiflisdəki Vake parkındakı naməlum əsgərin qəbrini ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı Mədəniyyət Evində müharibə veteranları ilə də görüş keçirilib. Tədbirdə Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev çıxış edərək faşizm üzərində qələbənin 71-ci ildönümü münasibəti ilə tədbirdə iştirak edən müharibə veteranlarını təbrik edib, onlara cansağlığı arzulayıblar.

Tədbirdə qələbə şərəfinə tort kəsilib və veteranlara bayram sovqatları təqdim edilib. Görüşdə “Əsgər atası” filmi nümayiş etdirilib.

Marneulidə qələbənin 71-ci ildönümünə həsr olunan tədbirdən sonra simvolik olaraq 1941-1945-ci illərdə II Dünya Müharibəsində istifadə olunan hərbi minik maşınlarının Marneulinin Rustaveli küçəsi boyu nümayişi keçirilib. Minik maşınlarını alman və rus zabitləri forması geyinmiş zabitlər idarə edib. Tədbirə azərbaycanlı müharibə veteranları, rayon rəhbərliyi də qatılıb.

Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında Gürcüstanda 2 mindən çox, Marneulidə isə cəmi 17 müharibə veteranı yaşadığını bildirib. Qubernator bu gün bütün veteranlara hökumətin qərarı ilə 600 lari və ailə başçısını itirmiş ailələrə isə 300 lari məbləğində yardım ayrıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR