Nazir müavini: “Gürcüstanın NATO-ya qəbul olunması üçün yeni mexanizmlər mövcuddur”

Nazir müavini: “Gürcüstanın NATO-ya qəbul olunması üçün yeni mexanizmlər mövcuddur”
# 12 may 2016 00:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Mayın 11-də Gürcüstan hökumətinin dəftərxanasında “Gürcüstan İnkişaf və Təhlükəsizlik Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı, Gürcüstandakı Niderland səfirliyinin dəstəyi ilə regionda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Gürcüstanın Avropa və Avrointeqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini Arçil Karaulaşvili ilə görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Arçil Karaulaşvili Avropaya inteqrasiya məsələlərindən və qarşıya çıxan problemlərdən, həmçinin Gürcüstanın Avropa İttifaqı ilə imzaladığı Assosiasiya Sazişi ilə bağlı götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə ətraflı məlumat verib.

A.Karaulaşvili çıxışında eyni zamanda Gürcüstanın NATO-ya üzv qəbul edilməsi məsələlərindən də söhbət açıb. O, Gürcüstanın NATO-ya qəbul olunması istiqamətində ölkədə yeni mexanizmlərin olduğu barədə fikirlər səsləndirib. Nazir müavini qeyd edib ki, Gürcüstan suveren dövlətdir və onun siyasəti təcavüzlə bağlı deyil: “Biz suveren dövlətik və bizim siyasətimiz təcavüzlə bağlı deyil. Vaxt olacaq ki, biz NATO-ya üzv qəbul olunacağıq və işğal olunan torpaqlarımızda yaşayan əhali vahid Gürcüstan dövlətini dəstəkləyəcək,” A. Karaulaşvili bildirib.

Qeyd edək ki, görüşdə Kvemo Kartli, Kaxeti, Samsxe-Cavaxeti, İmereti, Acarıstandan gələn jurnalistlər və QHT rəhbərləri iştirak ediblər. Azərbaycanlı jurnalistləri tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin üzvləri təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR