"ADY Express" Cənub-Qərb dəhlizi ilə yükdaşımalara başlayıb

"ADY Express" Cənub-Qərb dəhlizi ilə yükdaşımalara başlayıb
# 22 sentyabr 2016 09:03 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın tranzit potensialını artıracaq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub nəqliyyat dəhlizi ilə yanaşı mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də Cənub-Qərb nəqliyyat dəhlizi hesab olunur. Dəhliz Hindistan / İran Körfəzi - İran - Azərbaycan - Gürcüstan - Qara dəniz - Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. "ADY Express" şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlayıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, ilk olaraq şirkət test məqsədi ilə İrandan 4 yük avtomobilində Astara sərhəd məntəqəsindən qəbul edilmiş 90 ton yüngül distillat neft məhsulunu Astara neft terminalında 2 ədəd çən vaqonlarına aşırıb və yaxın zamanda Astara dəmir yolu stansiyasından Gürcüstanın Batumi stansiyasına yola salınacaq. Batumi dəniz limanından yük Qara dəniz vasitəsi ilə təyinatı üzrə çatdırılacaq.

İlkin mərhələdə bu yükün həcmi aylıq 10 min ton səviyyəsində olacağı, perspektivdə isə bir neçə dəfə artacağı gözlənilir. Onu da vurğulayaq ki, həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astara dəmir yolu stansiyasında vaqonlara yüklənməsi, Azərbaycan prezidenti İlham Əliyevin verdiyi fərman və bu fərmandan irəli gələn Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaların tətbiq edilməsi nəticəsində mümkün olub. Həmin qərara əsasən, Azərbaycan ərazisindən sonrakı nəqli dəmir yolları vasitəsilə edilməsi şərti ilə yükləri daşıyan xarici avtomobil nəqliyyat vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları rəqabətə davamlı etməklə nəqliyyat dəhlizlərinin iqtisadi səmərəliliyini artırıb. Nəticədə alternativ marşrutlardan Azərbaycan ərazisindən keçən beynəlxalq marşrutlara yüklərin cəlb olunması üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, Cənub-Qərb nəqliyyat dəhlizi üzrə razılaşma "Azərbaycan Dəmir Yolları" QSC-nin təşəbbüsü ilə 2016-cı ildə Azərbaycan, Gürcüstan, İran və Ukrayna tərəfindən Bakıda imzalanıb. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi realdır. Belə ki, Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan, İran və Körfəz dövlətlərinin potensialından bəhrələnərək Azərbaycan hökumətinin müvafiq nəqliyyat strukturları bu dövriyyənin əsasən Azərbaycan üzərindən tranzit keçidini artırmaqla dövlətimizin iqtisadi qüdrətinə öz töhfələrini vermiş olarlar. Cənub-Qərb dəhlizinin digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Misal üçün əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hindistandan Avropaya təqribi olaraq 30-40 gün təşkil edirsə, Cənub-Qərb dəhlizi ilə bu müddət 15 gün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR