Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib
# 14 oktyabr 2015 21:10 (UTC +04:00)

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar Ədliyyə Nazirliyinin kollegiyasında struktur qurumların rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.

Nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1.822 layihə hüquqi ekspertizadan keçirilib.Eyni zamanda, vətəndaşların mülki hüquq münasibətlərinin həllində mühüm rol oynayan notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.

Bu ilin 9 ayında bələdiyyələrə inzibati nəzarət qaydasında 44 mindən çox bələdiyyə aktına baxılıb, bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 40 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 606 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Nazir Fikrət Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.

İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir.

Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.

Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.

İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR