Azərbaycanın “Milan Expo 2015”dəki pavilyonu Bakı Bulvarında quraşdırıla bilər - FOTO - VİDEO

Azərbaycanın “Milan Expo 2015”dəki pavilyonu Bakı Bulvarında quraşdırıla bilər - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2015 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Mərkəzində “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, Mərkəzin direktoru, “Milan Expo 2015”də Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Ələkbərov bildirib ki, layihənin təqdimatı 2014-cü ilin dekabrın 1-də Milanda keçirilib:

“Təqdimat keçiriləndə, həm İtaliya cəmiyyəti, həm də təşkilatçılar Azərbaycanın təqdim etdiyi layihəni yüksək qiymətləndirdilər. Azərbaycan pavilyonunun qurulmasında və dizaynının hazırlanmasında 300 nəfərdən ibarət komanda iştirak edib. Hazırlıq işləri 19 ay ərzində aparılıb. “Milan Expo”da Azərbaycanın təmsil olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük dəstəyi oldu. Pavilyon təqdim olunandan sonra görürdük ki, insanlar bizim pavilyona necə diqqətlə, maraqla yanaşırlar, görülən işləri yüksək qiymətləndirirlər”.

A. Ələkbərovun sözlərinə görə, “Milan Expo 2015” sərgisində 145 ölkə iştirak edib. Bunlardan 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunub. O qeyd edib ki, Azərbaycan pavilyonu fəaliyyət göstərdiyi müddətdə İtaliya mətbuatının diqqət mərkəzində olub və bir neçə ay ərzində pavilyon haqqında bir neçə məqalə, xəbər dərc olunub, pavilyonun yüksək peşəkarlıqla hazırlandığı vurğulanıb: “Azərbaycan pavilyonunu 3 milyon 250 min nəfər ziyarət edib. Pavilyonda Azərbaycanın mədəniyyəti, incəsənəti, kənd təsərrüfatı, ekoloji vəziyyəti və başqa sahələri əks olunub”.

A. Ələkbərov əlavə edib ki, İtaliya hökuməti Azərbaycan pavilyonuna “Milan incisi” adını verib: “Qeyd etmək istərdim ki, Azərbaycan “Bakı – 2015” Birinci Avropa Oyunlarını hansı şəkildə uğurla başa vurdusa, bu layihəni də böyük müvəffəqiyyətlə yekunlaşdırıb. İyunun 9-da Azərbaycan prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva pavilyonumuzu ziyarət edib və xüsusi qeyd edilib ki, layihə ən yüksək səviyyədə təqdim olunub. Biz pavilyonun layihəsini hazırlayanda, əvvəlcədən planlaşdırmışdıq ki, sərgi başa çatandan sonra pavilyonu söküb Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Hazırda bu istiqamətdə işlər aparılır. Pavilyonun Bakı Bulvarında quraşdırılmasını istəyirik. Bunun üçün Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib”.

“Milan Expo 2015”də Azərbaycan milli pavilyonu üzrə işçi qrupunun rəhbəri Vüqar Məmmədov isə milli pavilyonun konsepsiyası haqqında məlumat verib, pavilyona dair statistikanı diqqətə çatdırıb. Qeyd olunub ki, pavilyonun tikintisi zamanı 19 ay ərzində hazırlıq işləri aparılıb, Azərbaycanda 150 gün çəkilişlər aparılıb. Təqdimat müddətində 55 dəqiqəlik animasiya və 250 videomaterial hazırlanıb, 10.000 fotoşəkil çəkilib.

Azərbaycanın “Milan Expo 2015” sərgisindəki milli pavilyonu 3 mükafata, o cümlədən İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatlandırılıb və 2000 kv.m ərazisi olan pavilyonlar arasında ən yaxşı pavilyon seçilib.

“Milan Expo 2015” sərgisində Azərbaycan milli pavilyonunun arxitektoru Rikardo Ciqolotti Azərbaycan pavilyonunu sərginin ən gözəl pavilyonu adlandırıb.

Sonra Azərbaycanın iştirakı ilə bağlı videoçarx nümayiş olunub, jurnalistlərin sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR