Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirilib
# 14 yanvar 2016 13:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Daxili işlər naziri ölkəmizdə cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini sahələrində əldə edilmiş uğurlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də önəmli rolunu diqqətə çatdırıb, ötən il bu qurumun Nazirliyin digər xidmətləri ilə birlikdə üzərinə düşən vəzifələri, rəhbərlik tərəfindən qarşıya qoyulan tapşırıqların layiqincə yerinə yetirdiyini, bir sıra uğurlu tədbirlər həyata keçirdiyini, hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə olunmuş nəticələrin 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə bir qədər də yaxşılaşdığını vurğulayıb.

Nazir ötən il din pərdəsi altında radikalizmi, fanatizmi, cəmiyyətdə ayrı-seçkiliyi və qarşıdurmanı təbliğ edən şəxslərin və təriqətlərin hüquqazidd fəaliyyətinin qarşısının alınması sahəsində fəaliyyətin nəzərə çarpan olduğunu, ilin sonlarında Nardaran qəsəbəsində keçirilmiş xüsusi əməliyyat zamanı Baş İdarə əməkdaşlarının cinayətdə şübhəli şəxslərin tutulmasında, zərərsizləşdirilməsində, qanunsuz saxlanılan odlu silahların və partlayıcı maddələrin yığılmasında, istintaq-əməliyyat tədbirlərində fəal iştirak etdiyini diqqətə çatdırıb.

İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 98,3 faizinin və ya 2 milyon 755 min manatın ödənilməsi təmin olunub.

Baş İdarənin rəisi ötən il əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət göstəricilərlə yanaşı, bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib, onların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildirib.

Əməliyyat müşavirəsinə yekun vuran nazir şəxsi heyətin hesabat dövründəki fəaliyyətini ümumən qənaətbəxş hesab edib, cinayətkarlıqla mübarizənin digər istiqamətlərində, o cümlədən bağlı qalmış qətllərin, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu, odlu silahın tətbiqi ilə törədilən quldurluqların açılmasında, iqtisadi fəaliyyət sahəsində, korrupsiya, insan alveri cinayətləri törədən mütəşəkkil dəstələrin müəyyən edilib zərərsizləşdirilməsində Baş İdarənin aparıcı rol oynamasının vacibliyini bildirib.

O, müasir informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, insan alveri, məcburi əmək və digər cinayətlərin vaxtında aşkar edilib adekvat tədbirlər görülməsini, profilaktikanın hər zaman diqqət mərkəzində saxlanılmasını, Nazirliyin digər əməliyyat xidmətləri və ərazi polis orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli mütəşəkkil dəstələrə, ölkəmizin iqtisadi təhlükəsizliyi əleyhinə yönəlmiş cinayətlərə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsini tələb edib, qarşıya qoyulmuş məsul vəzifələrin öhdəsindən gəlmək üçün konkret tapşırıq və tövsiyələrini verib. Daxili işlər naziri ölkə Prezidentini əmin edib ki, şəxsi heyət Azərbaycan Qanunlarından, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, mütəşəkkil cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində əldə olunmuş müsbət nəticələri cari ildə də uğurla davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR