Son 1 ildə Azərbaycanda həyat sığortası bazarı 16% artıb

Son 1 ildə Azərbaycanda həyat sığortası bazarı 16% artıb
# 19 noyabr 2015 12:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 98,5 mln. manatı həyat sığortasının payına düşüb.

APA-Economics”in xəbərinə görə, bunu bu gün keçirilən ənənəvi brifinqdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

ASA rəhbəri bildirib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16% böyüyüb. Həyat sığortasındakı yığımların 58,6%-i və yaxud 57,7 mln. manatı həyatın yaşam sığortasının, 28,4%-i və yaxud 28 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6%-i və yaxud 11,4 mln. manatı həyatın ölüm halından sığortasının, 1,1%-i və ya 1 mln. manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3%-i və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 39,5% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 89%-i və yaxud 31,7 mln. manatı həyatın yaşam sığortasının, 5,5%-i və yaxud 1,95 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5%-i və yaxud 1,95 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR