"Türk Hava Yolları"nın Bakı ofisinə yeni rəhbər təyin olunub

"Türk Hava Yolları"nın Bakı ofisinə yeni rəhbər təyin olunub
# 17 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı - APA-Economics. Bu günlərdə “Ramada Baku” otelində “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin yeni rəhbəri Seyfullah İlyasla Azərbaycanda fəaliyyət göstərən turizm agentlikləri və KİV nümayəndələrinin tanışlıq görüşünə həsr olunmuş tədbir keçirilib.

Daha öncədən Vyanada nəşr olunan türkdilli mətbuat orqanında çalışdığını və jurnalistikaya böyük marağı olduğunu deyən S. İlyas Türkiyə ilə qardaş dövlət olan Azərbaycanda xidmətə başlamaqdan böyük məmnunluq duyduğunu dilə gətirib. Bildirib ki, 1991-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayan THY zamanla səfər sayını artıraraq artıq gün ərzində beş səfərlə sərnişinlərə xidmət etməkdə davam edir. Önümüzdəki mart ayında Bakıda fəaliyyətə başlamanın 25 illiyi ilə bağlı silsilə tədbirlərin düzənlənəcəyini deyən THY yetkilisi müxtəlif kampaniyaların gerçəkləşəcəyini də istisna etməyib.

THY-ni güclü, dinamik, hər zaman irəliyə doğru addımlar atan bir qurum kimi dəyərləndirən S. İlyas bildirib ki, ötən ay yaranmasının 82-ci ildönümünü qeyd edən şirkət hər il yeni uğurlarla böyüyərək günümüzdə türk dinamizmini əks etdirən nəhəng beynəlxalq markaya çevrilib: “2014-cü ilin sonunda sərnişinlərimizin sayı 13 faiz artaraq 54,7 milyona çatmışdı, 2015-ci ilin sonunadək 16 faiz artımla sərnişin sayını 63 milyona çatdırmağı hədəfə almışıq. İstanbulda tikilməkdə olan 3-cü hava limanının istifadəyə verilməsindən sonra illik 90 milyon sərnişin daşımağı planlaşdırırıq. Hər keçən gün uçuş marşrutlarımızı genişləndirməyə davam edirik. Hazırda 110 ölkədə 277 nöqtəyə səfər düzənləyən THY bazasında 294 təyyarə var. ”Avropanın ən yaxşı hava yolu şirkəti" - Skytrax mükafatına 5-ci dəfə layiq görülməyimizi təkcə Türkiyənin deyil, bütün türk dünyasının uğuru hesab edirik".

THY-nin Azərbaycanla əməkdaşlığı bundan sonra da ən yüksək səviyyədə davam etdirəcəyini deyən şirkət rəsmisi bunun üçün yeni layihələrin nəzərdə tutulduğunu deyib. Həm sərnişinlərin mənzil başına daha rahat çatması, həm də Azərbaycanda turizmin inkişafına yardım məqsədilə bölgələrdə uçuş nöqtələrini artırmaq layihəsi çərçivəsində bu yaxınlarda bazar dəyərləndirilməsi üçün Lənkərana səfər təşkil ediləcəyi də bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR