“Azərbaycan Dəmir Yolları”: Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı hələlik yalnız Bakı sərnişin stansiyası və Sumqayıtda dayanır

“Azərbaycan Dəmir Yolları”: Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı hələlik yalnız Bakı sərnişin stansiyası və Sumqayıtda dayanır
# 15 sentyabr 2015 12:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı hələlik yalnız Bakı sərnişin stansiyası və Sumqayıtda dayanır.

Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Keşlə, Biləcəri, Xırdalan və Güzdək stansiyalarında sərnişin qəbul etmir. Eləcə də, Bakı-Xırdalan-Sumqayıt qatarı bu stansiyalarda dayanmadığından sərnişinlərin bu yerlərə getməsi hələlik mümkün deyil.

“Biləcəridə hələ turniketlər hazır olmadığından qatar bu stansiyada dayanmır. Hələlik bu stansiyada sərnişinlərin qəbul edilməsi və yola salınmasını təmin etmək üçün müvafiq tədbirlər görülür. Digər stansiyalara gəlincə, sərnişin sıxlığı olduqca qatarların bu stansiyalarda dayanması barədə qərar qəbul ediləcək. Bu dəqiqə çalışırıq ki, sərnişin yığılsın, gələcəkdə qatarların bu stansiyalarda dayanması nəzərdə tutulur”, - deyə N.Əzməmmədov vurğulayıb.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Tarif Şurasının qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.

Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minib.

Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulub və yeni qatarlar alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR